B qrupunda sonuncu olaraq AVRO-2020 ilə vidalaşan Rusiya millisinin hücumçusu Artyom Dzyuba fiaskonun səbəbini izah etməyə çalışıb.
Fanat.Az xəbər verir ki, Artyom Danimarkadan aldıqları 1:4 hesablı yenilginin ardından ürəyini UEFA-nın rəsmi saytına boşaldıb:
"Növbəti dəfə özümüz özümüzə məğlub olduq. Belə səviyyəli yarışlarda yarımqol şanslarından da istifadə etməyi bacarmalısan. Danimarkanın necə oynayacağını bilirdik. Amma ağlagəlməz qol buraxdıq... Təəssüf ki, qolun şokundan çıxmaq mümkün olmadı.
Uduzmuşuqsa, hamımız günahkarıq. Psixologiyamız zəifdir. Təzyiq altında mübarizə apara bilmirik. Qol buraxan kimi, bizi əsməcə tutur, təşvişə düşürük. Avropa mentaliteti başqadır. Onlar futboldan həzz alır, döyüşürlər.
Ən böyük problemimiz "ikinci mərtəbə"də oynamamağımızdır. Hə, yerlə top dığırlayırıq. Üstəlik, geriyə ötürmələr edirik. Mentalitetimizi dəyişməliyik. İndiki halda Rusiya yığmasının oyun qurucusu qapıçımızdır. Ancaq ona ötürmələr verir, sonra da nəticə gözləyirik. Belçika və Danimarkanın oyun tərzinə baxsaq, görərik ki, beş-altı nəfərlə hücuma keçirlər. İrəli ötürmələrin vacib olduğunu anlamalıyıq".
Atilla