Rusiya millisi Avropa çempionatı ilə erkən vidalaşıb.
Fanat.Az xəbər verir ki, yığmanın qrupda qalması Rusiyanın futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub.
Futbol camiəsinin bir çox nümayəndəsi ölkə mətbuatına müsahibələrində baş məşqçi Stanislav Çerçesovu istefaya səsləyiblər. Hətta xəbər portallarında aparılan sorğularda 70-80 % izləyici yığmanın çalışdırıcısının istefasına səs veriblər.
SSRİ yığmasının sabiq futbolçusu Anzor Kavazaşvili bildirib ki, "Stanislav Salamoviç mənim dostumdur. Mən onun bu posta gətirilməsinə dəstək verənlərdən olmuşam. Ancaq indiki vəziyyətdə o, oturub özü istefa ərizəsini yazıb getməlidir".
"R Sport" saytı "Çerçesov istefa verməlidir?" sualını Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskova da ünvanlayıb. Lakin Kreml rəsmisi bu suala cavab verməkdən imtina edərək, "Fərq etməz" deyib.
Qeyd edək ki, B qrupunda mübarizə aparan Rusiya millisi 3 xalla qrup sonuncusu olub. Belçika və Danimarka seçməsi isə AVRO-2020-nin 1/8 final mərhələsinə adlayıb. Rusiya ilə eyni xala sahib Finlandiya isə top fərqinə görə 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Stanislan Çerçesov 2016-cı ildən Rusiya seçməsini çalışdırır. Onun rəhbərliyi altında komanda DÇ-2018-də 1/4 finala qədər irəliləyib.
Röya