Tanınmış idman jurnalisti, "Qızıl top" mükafatın jürisi Rasim Mövsümzadə Fanat.Az-a açıqlamasında Avropa çempionatını dəyərləndirib.
"AVRO-2020-də yarışan 24 komandadan 2/3-si, yəni 16-sı yoluna davam edir.
Turnirlə vidalaşanlar arasında Finlandiya və Macarıstan kimi mübariz komandaların olması təəssüf doğursa da, bizim üçün uğursuzlar sırasında Türkiyə millisinin də yer alması xüsusilə məyusedicidir. "Ay-ulduzlular”ın oyununda kifayət qədər tənqid edilməli məqamlar olsa da, fikrimcə, rəqiblərə qapılarına daha çox zərbə imkanı vermələri onların məğlubiyyətlərinin başlıca səbəbidir.
Polşanın qrup sonuncusu olması da Robert Levandovskinin bu dəfə də "Qızıl top” arzusunu (keçən il pandemiyaya görə bu mükafat verilməmişdi) gözündə qoyur.
Oyunlarında topa sahib olmağa çalışmayan, ötürmələrində tez-tez qeyri-dəqiqləyə yol verən İsveçin qrup qalibi olmasını gözlənilməz nəticə kimi qeyd edə bilərik.
Danimarkanın ilk iki turdakı məğlubiyyətdən sonra qalib gəlib yoluna qrup 2-cisi kimi davam etməsini isə haqq-ədalətin təntənəsi kimi şərh etmək mümkündür. Çox qüvvətli komandadır, oyunçularından 20 yaşlı Mikkel Damsqaard istedadı ilə göz oxşayır.
İyulun 3-də dörddəbir finalda Niderland - Danimarka qarşılaşması AVRO-2020-nin Bakı bölümünə xüsusi rəng qata bilər.
İsveçrə, Xorvatiya, İspaniya kimi komandalar da qələbəsiz ilk iki turdan sonra yollarına davam edirlər. Amma onların çox uzaq gedəcəkləri inandırıcı görünmür.
1/8 finalda İngiltərə - Almaniya dueli sayəsində yenə Tofiq Bəhramov yad olunur və olunacaq. Özü də səkkizdəbir finalçılar arasında yalnız ingilislər bu mərhələdə öz meydanlarında – "Uembli”də oynayacaqlar. Görək, bu məqam oyunda həlledici olacaqmı.
Yarışdan əvvəl dediyim kimi, Fransa və Belçika komandalarının Avropa çempionu olmaq şanslarını yüksək hesab edirəm. Amma turnirin sxeminə əsasən, onlardan biri finala çıxa biləcək. Düzdür, fransızlar qrup mərhələsində uğurlu nəticələrlə öyünə bilməsələr də, komandanın potensialı böyükdür.
Əlbəttə, İtaliyanı da hesabdan silmək olmaz. Amma bu komandanın gücü daha güclü komandalarla görüşdə bəlli olacaq – yəqin ki, 1/4 finalda".
Röya