Azərbaycan ağırlıqqaldırma millisinin sabiq üzvü Boyanka Kostova həbs olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov "Max Telegraf" nəşrinə açıqlama verib.
Onun bildirdiyinə görə, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.
Kişkilov bildirib ki, Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb:
"Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".
Qeyd edək ki, Boyanka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətinə diskvalifikasiya etmişdi.