“Zirə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, penalti seriyasında uduzaraq AL-də mübarizəni dayandıran "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında oyunu dəyərləndirib:
“Oyunu şərh etmək çox çətindir. Qırmızı vərəqəyə qədər hər şey lehimizə idi. Uşaqlar yaxşı mübarizə apardılar. Məyusedici hal odur ki, rəqibə qol epizodu vermədən iki top buraxdıq. Məyusuq. Futbolçularıma əzmkar mübarizələrinə görə təşəkkür etmək istəyirəm.
Rəqibin oyun fəlsəfəsinə görə dəyişikliklər etdim. Rüstəm Əhmədzadənin işi çətin idi, öndə tək oynadı. Hakim onun oyununa imkan vermirdi. Hər bir təmasda oyunu dayandırırdı. Ümumiyyətlə, hakimlikdən danışmaq istəmirəm. Ehtiyat etdiyimiz, narahat olduğumuz mövqelərdən qol buraxdıq. Salifu Sumanın “qırmızı” aldığı epizoda baxmamışam. Təbii ki, günahı varsa, böyük cəza alacaq”.
“Zirə” Avropa Liqasının təsnifat mərhələsində “Şerif”lı bacarmayıb. Qarşılaşmanın əsas vaxtı 2:1 hesabıyla “Şerif”in xeyrinə nəticələnib. Əlavə vaxtı heç-heçə bitən matçın taleyinə penaltilər seriyasından sonra aydınlıq gəlib – 4:5.