"Pasportumda iki boş səhifə qalıb. Polşa tərəfi isə sənəddə ən azı beş boş səhifəyə ehtiyac olduğunu bildirdi”.
Fanat.Az xəbər verir ki, bunu Polşanın "Super Express” nəşrinə açıqlamasında Avropa Liqasının pley-off mərhələsində "Legiya” ilə oyunu buraxacaq "Qarabağ”ın müdafiəçisi Vild-Donald Gerye deyib.
Pasport problemi yaşadığı üçün ölkəmizdə qalan Haiti millisinin üzvü sənədini vaxtında əldə bilməməsi ucbatından Varşavadakı matçda oynamayacaq. O, yaranan problemə aydınlıq gətirib. Gerye bildirib ki, Bakıya uçuşların olmaması səbəbindən pasportu Londonda qalıb: "Haiti prezidentinə zəng vuraraq indiki vəziyyətdə yeni bir pasporta ehtiyacım olduğunu söylədim. Heç bir problem olmadığını bildirdi, ancaq bunun bir az zaman alacağı məlum idi. Nəhayət, pasport göndərildi, amma Londonda qaldı. Normalda sentyabrın 28-də Bakıda olmalı idi, lakin bu günlərdə London ilə Bakı arasında uçuş yoxdur. Buna görə də, pasport ala bilmədim və Varşavaya uçmağım mümkün olmadı”.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Fanat.Az