"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkün nəticəsinə əsasən, düşdükləri qrupu dəyərləndirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, yaxşı qrupa düşdüklərini bildirib. Q.Qurbanov rəqibləri İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" komandaları barədə danışıb: "Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. Vilyarreal"i hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. "Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu."Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur".
Qurbanovun fikrincə, hər üç komanda özünəməxsus oyun üslubuna malik ciddi rəqibdir: "Qardaş Türkiyə komandasına qarşı oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Fanat.Az