"Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyevin Fanat.Az-a müsahibəsi
- Mövsümün ilk yarısını həm öz oyunun, həm də ümumilikdə komandanın çıxışı baxımından necə dəyərləndirirsən?
- Fərdi yanaşsaq, tam uğurlu olmasam da, göstəricilərim pis sayılmamalıdır. Meydanda olduğum 15 oyunda 5 qol vurdum və səhv etmirəmsə, 4 assistlik etmişəm. Fikrimcə, normaldır. Bununla belə, ümumi götürsək, komandanın nəticələri ürəkaçan olmadı.
- Bunun səbəbini nədə görürsən?
- Çempionata yaxşı başlaya bilmədik. Sonradan həm oyun. həm də nəticələrimizi bir qədər düzəldə bildik. Amma hələ istədiyimiz mövqedə deyilik. Üstəlik, kubokda da mübarizəni dayandırdıq. Düşünürəm ki. təlim-məşq toplanışından sonra turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıra biləcəyik.
Əslində, bir çox oyunda hesabda önə keçməyimizə baxmayaraq, üstünlüyümüzü qoruya bilmədik. Axırıncı dəqiqələrdə qol buraxıb önəmli xallar itirdik. Bu baş verməsəydi. bəlkə də indi 6-7-ci pillələrdəydik.
- Komanda yarım mövsümü iki məşqçinin rəhbərliyi altında keçirdi. Sənə Yaşar Vahabzadə ilə işləmək rahat idi, yoxsa indi Tərlan Əhmədovla?
- Hər ikisi hörmət etdiyim mütəxəssisdir. Yaşar müəllim də yaxşı məşqçidir. Sadəcə, onunla nəticə yaxşı olmadı, oyunlarımız da alınmırdı. Belədə o, istefaya göndərildi. Tərlan müəllimin gəlişindən sonra düşünürəm ki, yaxşıya doğru dəyişiklik müşahidə olunur.
- "Kəpəz" ətrafında baş verən hadisələr, Rauf Əliyev və Əfran İsmayılovla bağlı gərginlik atmosferə necə təsir edir? Bu ab-havanı korlayırmı?
- Əslində, söz-söhbət hər komandada olur və bu, normaldır. Gördüklərimə, eşitdiklərimə əsasən belə deyirəm. Rauf və Əfranla bağlı məsələyə gəlincə, bu barədə mənim danışmağım düzgün deyil. Komandanın içində olan bir futbolçunun buna münasibət bildirməsi peşəkar yanaşma deyil.
- Mövsümün ikinci yarısında sizin üçün motivasiya nə olacaq?
- Başlıcası, çempionatda yerimizi qorumaq. Bununla belə, düşünürəm ki, nəticələrimizi yaxşılaşdıra, ilk "6-lıq"da yer ala bilərik. Bunun üçün gücümüz var. Əlbəttə, komandaya yeni oyunçular. yeni nəfəs də lazımdır. Ehtiyat skamyamız kasaddır, həmişə eyni oyunçular meydana çıxır. Belədə yorğunluq yaranır. Son dəqiqələrdə buraxdığımız qolların bir səbəbi də bununla izah oluna bilər. Yəqin komandanın gücləndirilməsi üçün klub tərəfindən lazımi addımlar atılacaq.
- Uzun müddət Çexiyada legioner həyatı yaşamısan. Yenidən ölkə xaricində top qovmaq variantı var?
- Açığı, bu istək həmişə fikrimdədir. Amma indi bütün diqqətimi "Kəpəz"dəki çıxışıma yönəltmişəm. Mövsümün sonuna qədər oynayıb komandama fayda verməyə çalışacağam. Yaya qədər belə davam etsəm, yaxşı variantlarımın olacağına inanıram.
Mirağa