"Qarabağ"ın bu gün rəsmən müqavilə bağladığı hücumçu Adama Diakabi Ağdam klubuna keçidini dəyərləndirib.
Seneqallı forvard Fanat.Az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına bu barədə açıqlama verib:
"Xoşbəxtəm ki, "Qarabağ"dayam. Bilirəm ki, onlar məni uzun müddətdir izləyirdilər. Böyük layihənin bir parçası olduğum üçün xoşbəxtəm. Komanda yoldaşlarımla, baş məşqçimlə, texniki heyətlə ilə görüşdüm. Komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram".
26 yaşlı futbolçu "Qarabağ"ın ötən ildən onunla maraqlandığını və hətta bu məqsədlə Bakıya dəvət olunduğunu bildirib:
"Təklif aldıqdan sonra komanda ilə bağlı ilk məlumatları Abdullah Zubirdən öyrəndim. Əslində, bu komandanı keçən ildən tanımağa başlamışam. Yayda Bakıya gəlmişdim və şəhəri, insanları çox bəyənmişdim. "Qarabağ"ın bazasını da ziyarət etmişdim".
Diakabi nömrə seçimi ilə bağlı sualı belə cavablandırıb: "Niyə 87-ni seçdim? Təbii ki, mənim üçün xüsusi anlamı var, amma bunun nə ilə bağlı olduğunu açıqlamaq istəmirəm".
Qeyd edək ki, Adama Diakabi bu gün "Qarabağ"la 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb.
Mirağa