Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Turan Tovuz" öz meydanında "Qarabağ"a 2:3 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, matçdan sonra Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov "CBC Sport" telekanalına açıqlamasında görüşü dəyərləndirib:
"Öz meydançamızda, öz azarkeşlərimiz önündə məğlub olmaq istəməzdik. 1 xal qazanmaq istəyirdik. Amma ən azından həm stadiona gələnlər, həm də televiziya vasitəsi ilə matçı izləyənlər futboldan dincələ bildilər. Futbolçularımı təbrik edirəm. Bu gün 90 dəqiqə "Qarabağ"la mübarizə aparmaq çətindir. Amma bunun öhdəsindən gəldik. Son dəqiqələrdə daha diqqətli olsaydıq, bəlkə 1 xalı qazanardıq. Ancaq 3-cü dövrə yeni başlayıb. Növbəti oyunlar bizim üçün vacibdir. Futbolçularımızda inanım özünə gəlməsi üçün "Qarabağ" və digər iddialı komandalara qarşı belə oynamaq vacibdir. Bu gün bunun üzərində işləyirik və işləməyə davam edirik. Çempionat gərgin keçir. Gələn matçlarda xal qazanmağa çalışacağıq.
- Oyun ərzində mübahisələr çox oldu. Sarı vərəqə aldığınız epizodda Runi Eva topu qapıya göndərmişdi, amma etiraz etdiniz. Bu epizodla bağlı nə deyə bilərsiniz?
- Gənc hakimlərdilər. Biz də onları dəstəkləyirik. Amma belə oyunlarda tempi qorumaq lazımdır. Kiçik qayda pozuntuları çox oldu. Bəlkə də "Qarabağ" adına görə bəzi futbolçulara güzəştə gedirdilər. Qola baxmaq lazımdır. Bilmədim hakim niyə saxladı. Mən onu soruşmaq istədim və 4-cü hakim cavab verə bilmədi. Olur belə hallar. Olar da inkişaf eləməlidir.
- Həmin epozidda meydan iki top vardı. Toplardan biri Bədavi Hüseynovun əlində idi. Hakimin oyunu dayandırması, qolu qeydə almaması hər halda buna görə idi...
- Ola bilər. Amma əgər bir top içəridədirsə, ikinci topu oyunçu gətirirsə, bunun da cəzası olmalıdır. Amma hakim buna da göz yumdu. Eybi yox. Bu gün hakimlik üçün böyük səhv deyil. Bunlar kiçik səhvlərdir. Əsas özümüz öz səhvlərimizin üzərində işləməliyik.