Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkənlər üçün Azərbaycanda başladılan yardım kampaniyasına "Neftçi" klubu da qoşulub.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyev məlumat verib.
Klub rəsmisi həm pul yığdıqlarını, həm də lazımi əşyaların toplandığını bildirib: "Sözsüz ki, təşəbbüsə klub olaraq biz də qoşulmuşuq. Əməkdaşlarımız və futbolçular arasında müzakirə olub. Kimisi paltar, kimisi digər əşyaları bazaya gətirib. Ölkəmizdəki yardım mərkəzi ilə əlaqə saxlayırıq, ən çox ehtiyac olan şeylərin adlarını soruşuruq. Bundan başqa, pul da yığılır. Kart ayırılıb, kimin nəyə imkanı çatırsa, ora köçürür. Tezliklə bu yardım Türkiyəyə göndəriləcək".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə 6 minə yaxın insan dünyasını dəyişib, 20 mindən çox nəfər yaralanıb. 5 775 bina dağılıb.
Mirağa