Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkənlər üçün Azərbaycanda başladılan yardım kampaniyasına AFFA da qoşulub.
Bu barədə Fanat.Az-a qurumun AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
"Bəli, AFFA da yardım kampaniyasında iştirak edir, imkanımız yol verdiyi qədər köməklik göstərməyə çalışırıq. Amma çox detallara varmaq istəmirik".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 7 108 nəfərə çatıb, 40 910 nəfər isə yaralanıb.
Röya