"Turan Tovuz"la oyundan (0:2) sonra "Kəpəz"də klubdaxili toplantı baş tutub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov, idman direktoru Mehman Abdullayev, akademiyanın kuratoru İlham Səmədov, mühafizə xidmətinin rəisi Elmar Əliyev, əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanov və mətbuat katibi Azad Mustafayev iştirak ediblər.
Toplantı gərgin atmosferdə keçib. Baş məşqçi Tərlan Əhmədov klub daxilində baş verənlərə, həmçinin komandanın məğlubiyyətinə görə günahının olduğunu qismən etiraf edib, rəhbərlikdən üç oyunluq möhlət istəyib. Təcrübəli mütəxəssisin mövqeyi Mərdanovun ürəyincə olmayıb və o, "özünə hörmət edən şəxs çıxıb getməlidir" deyərək, iclası vaxtından əvvəl tərk edib.
Əhmədovla vidalaşmağın tərəfdarı olan bir qrup azarkeş baş məşqçinin görüş istəyini rədd edib. Bu barədə saytımıza məlumat verən azarkeş Natiq Əsədov həmin tərəfdarların adından bunları bildirib: "Birmənalı olaraq Tərlan Əhmədovun istefasını tələb edirik. Bizə onun kimi məşqçi və insan lazım deyil. Komandaya mükafat qazandırıb avrokuboklara aparsa belə, onu istəmirik. Düzdür, mən onu dəstəkləyənlərdən olmuşam, amma indi istəmirəm. Çünki "maskası yırtılıb". Yerli uşaqlara şans vermir, əksinə, gözümçıxdıya salır. Bərabər səviyyəli rəqiblərin hamısına məğlub olub. "Qərb derbisi" dediyimiz görüşlərdə "Turan Tovuz"a nə qədər uduzmaq olar? "Zirə", "Sumqayıt" kimi komandalarla görüşlərdə üstünlüyünü qoruya bilməyib, "Səbail"ə məğlub olub. Orxan Sadıqlını cəzalandıracağını deyib. Normal məşqçi belə ifadə işlədər: Orxan bundan sonra həmin seyvləri edərmi? Bir sözlə, əksər azarkeşlərin fikri odur ki, Tərlan getməlidir. Bu mövqeyimiz dəyişməyəcək".
Mirağa