"Qarabağ" bu gün UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Belçika "Gent"ini sınağa çəkəcək.
Fanat.Az "köhlən atlar"ın meydana hansı heyətlə çıxacağını müəyyənləşdirməyə çalışıb.
Baş məşqçi Qurban Qurbanovun "çərçivə"də Amin Ramazanova güvənəcəyi gözlənilir. "Turan Tovuz"la matçda kobud səhvləri ilə diqqət çəkən Luka Quqeşaşvili bu səbəbdən son 3 oyunda ehtiyatda qalıb. Gənc Ramazanov isə bu şansdan yararlanaraq özünü yaxşı tərəfdən göstərib.
Müdafiə xəttində bir dəyişiklik baş tutacaq. Məlum olduğu kimi, Kevin Medina cəza səbəbindən matçı buraxacaq. Belədə, müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadə tandem təşkil edəcək. Müdafiənin cinahları da dəyişməz qalacaq. Belə ki, Elvin Cəfərquliyev və Marko Veşoviç "qanadlar"da qərarlaşacaq.
Son iki matçda xal itirən "Qarabağ" qışdan sonrakı digər turlarla müqayisədə "Sabah"la son turun oyununda daha yaxşı təsir bağışladı. Bu baxımdan yarımmüdafiə xətti ilə bağlı ehtimal irəli sürərkən uzağa boylanmaq lazım gəlmir. Ciddi nəsə baş verməsə, Qurbanov orta sahədə Julio Romao, Marko Yankoviç və Leandro Andradeyə, cinahlarda isə Abdullah Zubirlə Ramil Şeydayevə güvənəcək. Hücumda isə Musa Qurbanlını görə biləcəyik. Bununla da ötən tur Azərbaycan Premyer Liqasında vahid bombardirliyə yiyələnən Musa ilk dəfə avrokubok oyununa start heyətində başlayacaq.
Beləliklə, “Qarabağ”ın "Gent"lə oyun üçün proqnozlaşdırdığımız heyəti bir istisna olmaqla, "Sabah"la matçdakı start "11-liy"i olacaq: Amin Ramazanov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Marko Veşoviç, Julio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Ramil Şeydayev, Musa Qurbanlı.
Mirağa