"Şamaxı" klubuna daha bir məşqçi cəlb olunacaq.
Bu barədə Fanat.Az-a komandanın çalışdırıcısı Cavid Hüseynov məlumat verib.
Məlum olduğu kimi, "Şamaxı"da baş məşqçi səlahiyyətləri Cavid Hüseynova aiddir. Hüseynovun Pro kateqoriyası olmadığı üçün sənəd üzərində baş məşqçi Vüqar Əsgərli göstərilir. Bölgə təmsilçisinin məşqçilər korpusunda Əsgərli və Hüseynovdan başqa, daha 4 mütəxəssis çalışır. Elhad Nəziri köməkçi-məşqçi, Anar Niftəliyev qapıçılar üzrə məşqçi, Cavid Hüseynovun qardaşı Şərəfəddin, o cümlədən Ceyhun Rzayev isə analitik-məşqçi funksiyalarını icra edirlər.
Cavid Hüseynov saytımıza verdiyi açıqlamada məşqçi korpusunun genişləndiriləcəyini deyib: "Müasir futbol çeviklik tələb edir. Vaxt qızıla bərabərdir. Mən bir neçə işi yerinə yetirəndə komandada axsama olur. Beynəlxalq təcrübədə necədir? Bir komandada 25-30 məşqçi çalışır. Peşəkar klub məhz belə olmalıdır. Planlaşdırıram ki, bizdə də məşqçi sayı artsırılsın. Bu barədə rəhbərliklə söhbət edəcəyəm. Yəqin ki, təklifim nəzərə alınacaq".
Mirağa