Martın 31-dən etibarən Azərbaycan Premyer Liqasında sonuncu - dördüncü dövrə start götürəcək. Həlledici mərhələ ərəfəsində klublar iki həftədən bir qədər çox fasilə verməli oldular. 17-18 günlük aradan kimin nə qədər səmərəli istifadə edib-etmədiyini zaman göstərəcək.
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Fanat.Az-a açıqlamasında fasilə dövrünü belə dəyərləndirib: "Martın 17-də "Şamaxı" ilə oyunumuzdan sonra komandaya bir neçə günlük istirahət verdik. Ayın 22-də Bakıda bir araya gəldik. Martın 25-də plan üzrə "Neftçi" ilə yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. Sonrakı bir həftəlik tsikl "Sabah"la 28-ci turun oyununa həsr olunub. Yəni adi qaydada gündəlik məşqləri davam etdiririk".
43 yaşlı mütəxəssis fasilənin onlara sərf edib-etməyəcəyinə belə münasibət bildirib: "Əslində, bu fasilə hamıya eyni şəkildə yararlı olmalıdır. Premyer Liqanın son 9 oyunu ərəfəsində, bizim üçün əlavə olaraq kubokun yarımfinal görüşlərindən qabaq nəfəs dərməyə, güc toplamağa, çatışmazlıqları yoluna qoymağa ehtiyac var idi. Bu istiqamətdə işlər gördük. Yığmada cəmi bir futbolçumuz olduğundan bu baxımdan da ciddi sıxıntı yaşamadıq. Düzdür, millidə olan Səlahət Ağayevdən başqa, mikrozədəlilərimiz var idi. Yüngül zədəlilərdən Əyyub Allaşla Urfan Abbasov artıq məşqlərə qoşulub, "Şamaxı" ilə matçda xəsarət alan Rafael Utziqin durumuna isə qarşıdakı günlərdə aydınlıq gələcək. Hər halda, ciddi zədə olmamalıdır".
Elmar Baxşıyev yayda "Qəbələ"ni "Neftçi"yə dəyişəcəyi ilə bağlı yayılan xəbərlə bağlı bunları deyib: "Gördüyünüz kimi, "Qəbələ"nin başındayam. Düzdür, klubumla müqaviləmin müddəti yayda başa çatacaq. Yəqin söz-söhbət buna əsasən yayılıb. Çünki hələ klub rəhbərliyi ilə müqavilənin uzadılmasını müzakirə etməmişik. Qalıb-qalmayacağım avrokuboklara vəsiqədən yox, rəhbərliyin qərarından asılı olacaq. "Neftçi"yə gəlincə, rəsmi təklif almadığım halda, nəsə deməyim doğru olmaz. Doğrudur, futbolçu kimi "Neftçi"də oynamışam. Ancaq orada çox futbolçu oynayıb, klub hər sabiq futbolçusuna təklif göndərmir ki. Bilmirəm, "Neftçi" söhbətini kim yayıb, mən bu barədə məlumatsızam. Fikrimi "Qəbələ"nin uğurlarına yönəltmişəm. Həm çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansımız var. həm də kubokda yolumuza davam edirik".
Mirağa