İyunun 1-də "Neftçi" klubu yeni forma sponsoru ilə müqavilə bağlayıb.
Fanat.Az-ın məlumatına görə, bununla bağlı "Bakcell Arena"da tədbir keçirilib.
"Errea" şirkəti paytaxt klubunun yeni forma sponsoru olub.
Tərəflər arasında müqaviləni "Neftçi"nin prezidenti Kamran Quliyev ilə "Errea Sport S.p.A"nın ixrac üzrə meneceri Karlo Stromati imzalayıblar.
Razılaşma 2 illik nəzərdə tutulub.
Razılaşmaya əsasən, "Errea" "Neftçi"nin əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti ilə təmin edəcək. Bu əməkdaşlığı fərqləndirən ən əsas məqam geyim dəstlərinin sırf "Neftçi" üçün dizayn edilib hazırlanmasıdır. Həmçinin, tezliklə klubun "Bakcell Arena"dakı fan-şopunda yeni geyim dəstlərinin fiziki və onlayn satışı təşkil olunacaq. Əvəzində isə "Neftçi"nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində "Errea"nın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus "Neftçi TV" və sosial media səhifələrində şirkətin loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, müqaviləyə uyğun digər marketimq xidmətləri göstəriləcək.
"Errea" 1988-ci ildə hazırda prezident vəzifəsini yerinə yetirən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. "Errea" tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olmasını təmin edən "Oeko-tex" standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın portnyoru olan "Errea" futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.
Qeyd edək ki, "ağ-qaralar"ın son mövsümdə geyindiyi formalar "Nike" şirkətinin istehsalı olub.
Mirağa