Bu gün "Neftçi" klubunun yeni forma sponsoru ilə müqavilə imzalama mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə çıxış edən paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.
O, 3 iyun tarixində "Qəbələ"yə qarşı keçirəcəkləri ölkə kubokunun finalında qalib gələcəklərini bildirib:
"İnşallah, udacağıq. Komandaya, məşqçiyə, azarkeşlərimizə böyük ümidimiz var. İnanıram ki, stadion dolu olacaq. İnsanları əyləndirmək üçün xüsusi proqram olacaq. Bizim üçün vacib oyundur. "Neftçi" onsuz da meydana qələbə üçün çıxır. Qələbə qazanacağımıza inanırıq".
Klub rəhbəri artıq transfer çalışmalarına başladıqlarını açıqlayıb: "Biz baş məşqçimizə güvənirik. Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıqlarımız gedir. Söhbət "böyük beşlik" liqalarında çıxış edən komandalardan gedir. İnanırıq ki, daha güclü heyətə sahib olacağıq.
Dəyişməyin də mənası olmalıdır. Özümüz də görürük ki, istədiyimiz kimi oyun göstərə bilmirik. Amma məşqçimizə də, futbolçularımızı da inanırıq. Yeni futbolçular da gələcək, yeni rənglər, yeni nəfəs olacaq. Biz buna inanırıq. Çox ambisiyalı heyət yığırıq. Sırf Azərbaycan Premyer Liqası üçün yox, Avropada da uğurlu çıxış etmək üçün. Biraz gözləmək lazımdır. Yay transfer pəncərəsinin açılmasını gözləmirik, çox aktiv işlər gedir. 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə futbolçu alınacaq. 1-2-si Azərbaycandan olacaq.
Ümumiyyətlə, həmişə özüm-özümə sual verirəm ki, əgər imkan varsa, transfer etmək niyə çətin olur? Ona görə çətindir ki, çünki yaxşılar arasından ən yaxşısını seçməyə çalışırsan. Ona görə böyük klubların transfer keçidləri avqustun sonlarında olur. Yoxsa pul barədə imkanları var. İyundan keçidləri həll edib hazır heyətlə məşq edə bilərlər.
Yaxşı futbolçuların sayı zəif futbolçuların sayından azdır. Piramida ilə müqayisə etsək, yaxşı futbolçular ən başdadır. Ortatab futbolçu gətirmək qəhrəmanlıq deyil. Amma yaxşı futbolçu üçün güclü klublarla rəqabət aparırsan. Yaxşıf tubolçu tapmaq çox çətindir. Tək bizdə deyil, bütün klublarda elədir. Uyğunlaşar, ya uyğunlaşmaz deyə məsələlər olur. Bundesliqada oynayan biri gəlir, amma burada özünə yer tapa bilmir. Amma Lüksenburqdan dəvət etdiyimiz Buqrini daha sonra yarım milyona satdıq. Yaxşı futbolçu tapıb gətirmək çətindir".
Kamran Quliyev "Neftçi"nin əfsanəsi, hazırda "Qarabağ"ın məşqçilər korpusunda yer alan Zaur Tağızadəni komandaya dəvət etməklə bağlı sualı isə belə cavablandırıb:
"Zaurla dostuq. Zaurdan başqa "Neftçi"də iz qoyub gedən hər bir futbolçuyla dostluq əlaqələrimiz var. Əgər Zaur və onun kimi "Neftçi"də iz qoyub gedənlər iş axtarışında olsaydılar, birinci ona dəvət göndərən klub biz olardıq. Bildiyiniz kimi, Zaur Tağızadə digər klubda uğurlu fəaliyət gsötərir. Amma "Neftçi"nin tarixinə düşən insanlar üçün "Neftçi"də hər zaman iş olacaq".
Qeyd edək ki, baş məşqçi Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Komanda onun rəhbərliyi altında bu il ölkə çempionatını 3-cü pillədə başa vurub.
Röya