"Neftçi" iyunun 1-də yeni forma sponsoru "Errea" ilə müqavilə imzaladı. Sırf paytaxt klubu üçün dizayn edilən yeni geyim dəstləri artıq hazırdır.
Bu barədə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Fanat.Az-a məlumat verib:
"Formalar artıq hazırdır və Bakıdadır. Biz onun təqdimatını hazırlayırıq. Yəqin ki, iyunun 10-15-i aralığında biz bunu reallaşdıracağıq.
Təbii ki, yeni dizayn hazırlanarkən dəyərlərdən kənara çıxa bilməzdik. Açığı, dizayn üzərində 4 aya yaxındır iş gedirdi. Bir neçə dəfə əlavə və dəyişikliklər olunub yenidən işlənildi. Formanın üzərində Azərbaycanın, Bakının çalarları, bayrağımızın rəngi, neftçilərlə bağlı elementlər var. Bundan başqa, saxta nüsxələrin qarşısını almaq üçün yeni formada ştrixlər var. Hansı ki, onun orijinallığına dəlalət edir. Bununla belə, "Errea"nın fan-şopumuzda satış qiymətii əvvəlki formalarımızdan nisbətən ucuz olacaq. "Nike" dəstləri 90 manata satılırdı".
Qeyd edək ki, "Neftçi" "Errea" ilə 2 illik müqavilə imzalayıb. Tekstil şirkəti "ağ-qaralar"ın əsas, əvəzedici və akademiyanın bütün komandalarını forma ilə təmin edəcək.
Mirağa