Son mövsümü "Turan Tovuz"da keçirən Natan Oduvanın yekun qərarı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Tottenhem"in yetirməsi hazırda ona daha çox maaş verə biləcək klub axtarışındadır.
Belə ki, ölkəsinə yollanarkən Tovuz təmsilçisindən düşünmək üçün vaxt istəyən Natan növbəti telefon danışığı zamanı "boz qurdlar"a ümidverici cavab verməyib. İngiltərənin aşağı yaş qrupları üzrə millilərində və Nigeriyanın U-23 yığmasında oynamış forvard həm təklif olunan maaşın məbləğindən, həm komandanın ev oyunlarını süni örtüklü meydanda keçirməsindən, həm də Tovuzun paytaxdan çox uzaqda olmasından narazıdır. Bu isə o deməkdir ki, sözügedən hücumçunun fikrini dəyişmək ehtimalı 2-3 faizdən çox deyil.
Qeyd edək ki, Oduva "Turan Tovuz"un heyətində çıxdığı 28 çempionat matçında 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 4 görüşdə forma şansı qazanan ön xətt oyunçusu 1 dəfə assistentlik məharətini göstərib.
Nihat