Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" I təsnifat mərhələsini çətinlik çəkmədən adladı. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Cəbəllütariq "Linkoln"u ilə səfər matçında hesabda geri düşsə də, matçı qalib (2:1) başa vurdu, cavab görüşündə isə rəqibini darmadağına (4:0) məruz qoydu.
Təbii ki, II mərhələdə Polşa çempionu "Rakuv" ilə duel asan olmayacaq. Rəqib xüsusi oyun üslubuna malik, təhlükəli, həm hücumda, həm də müdafiədə seçilən komandadır. Yeri gəlmişkən, Çenstoxova təmsilçisi ötən mövsümün qış fasiləsində Antalyada yoxlama matçında "Qarabağ"la üzləşmiş və 3:0 hesabı ilə qalib gəlmişdi.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin bu rəqibə qarşı oyunda şanslarını dəyərləndirib:
"Qış fasiləsində Antalyada keçirilən yoxlama oyunundakı 0:3 hesablı məğlubiyyət heç nə demək deyil. Hazırlıq matçlarının nəticələri elə də önəm kəsb etmir. Təbii ki, "Rakuv" sıradan rəqib deyil. Amma dediyim kimi, belə oyunların nəticəsi aldadıcı ola bilər. Çünki fiziki yüklənmədən sonra keçirilən, baş məşqçinin taktiki-texniki dəyişikliyinə əsaslanan görüşlər yüklənmə fonunda fərqli nəticə ortaya çıxarır.
"Qarabağ"ın Polşa təmsilçiləri ilə oyunlarında nəticə xeyrimizə olsa da, bəzi çatışmazlıqlar gözə dəyib. Bunlardan biri standart vəziyyətlərlə bağlıdır. Polşalılar "Qarabağ"a "duran toplar"dan çox qollar vurub. Digər narahatedici məqam əks-hücumlara yaxalanmağımızdır. Əslində "Qarabağ"ın üslubu, fəlsəfəsi elədir ki, topa daha çox nəzarət edir, dominant oyun nümayiş etdirməyə çalışır. Belə üslubda çıxış edən komandalar adətən, əks-hücumlara yaxalanırlar. "Qarabağ"ın bu cəhətdən "axsadığını" etiraf etməliyik. O qədər güclü olmayan Cəbəllütariq komandası "Linkoln" da ağdamlıların qapısına əks-hücumdan qol vurdu. Birinci oyunda fərqlənmişdilərsə, Bakıda əllərinə düşən 4-5 belə imkanı boşa verdilər. Əslində, belə epizodları qaçırmaları oyunçularının keyfiyyətinin aşağı olmasından qaynaqlanırdı. Ancaq "Rakuv" təcrübəli, sanballı komandadır. "Qarabağ" ehtiyatlı olmalıdır. Mərkəz müdafiəçilərimiz üçün çox çətin oyun olacaq. Kevin Medina olmayacaqsa, yük Bədavi Hüseynov və Bəhlul Mustafazadənin çiyinlərinə düşəcək. Düzdür, Maksim Medvedev də onlara kömək edə bilər. Onlar konsentrasiyalı oynamalıdırlar. Bunun öhdəsindən gələ bilsələr, "Qarabağ" ÇL-də azı pley-offa qədər irəliləyə bilər.
Yenə dominat oyun sərgiləyəcəyik, paralel olaraq əks-hücumlara hazır olsaq, istədiyimiz nəticəni əldə etmək mümkündür. "Qarabağ"ın hücum potensialı çox güclüdür. Baxmayaraq ki, ön xəttən ötən mövsümün iki bombardiri - Ramil Şeydayev və Musa Qurbanlı komandadan gedib. "Rakuv"la matçda azı 3-4 qol imkanımız olacaq. Görək onları qola çevirə biləcəyikmi?"
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında II təsnifat mərhələsində "Rakuv"la ilk oyununu sabah Polşada keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab görüşü isə avqustun 2-də Bakıda olacaq.
Mirağa