"Neftçi" Türkiyənin “Qalatasaray” klubunun futbolçusunu sıralarına cəlb etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı “Tuttomercatoweb” saytı yayıb.
Xəbərə görə, bu, ötən mövsümü icarə əsasında “Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi Olimpiu Morutandır. Mənbə Morutanın “Bari”, “Palermo”, “Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina etdiyini açıqlayıb. Yazılanlara inansaq, “Neftçi”nin baş məşqçisi Adrian Mutu 24 yaşlı həmyerlisini sərəncamında görmək istəyir və onun 1 illik icarəyə götürülməsi planlaşdırılır. “Neftçi”nin hazırda “Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı bildirilib.
Qeyd edək ki, “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Morutanın transfer dəyərini 4,5 milyon avro ilə dəyərləndirir.