Yay transfer bazarında fəallıq nümayiş etdirən "Turan Tovuz" Azərbaycan Premyer Liqasının açılış oyununda elitanın debütantı "Araz Naxçıvan"ı 3 cavabsız qolla yendi. "Boz qurdlar" növbəti matçını sabah rəqib meydanında "Qarabağ"a qarşı keçirəcək.
Tovuz təmsilçisinin vitse-kapitanı Şəhriyar Əliyevlə əlaqə saxlayıb ağdamlılarla oyun barədə nə düşündüyünü soruşduq. 30 yaşlı müdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu:
"Düzdür, ilk çempionat oyununda qələbə qazanmışıq. Qələbə qazanmaq özünəinamı artırır. Düşünürəm ki, sabah bizi çox ağır oyun gözləyir. Çalışıb düzgün oynamaq, yaxşı nəticə qazanmaq istəyirik. Rəqib haqda nəsə deməyə ehtiyac yoxdur. Güclü rəqibə qarşı oynayacağıq. Həm öz oyunumuzu göstərməyi, həm də sərfəli nəticə qazanmağı hədəfləmişik. Doğrudur, rəqibimiz bir neçə gün əvvəl Avropa Liqasında oyun keçirib, amma geniş heyətə malik komandadır. Yəni kifayət qədər geniş seçimləri, rotasiya imkanları var. Məncə, avrokubok matçından 3 gün keçsə də, bu, onların oyununa təsir etməyəcək. Qeyd etdiyim kimi, əsas olan bizim düzgün oynamağımız, baş məşqçinin verdiyi tapşırıqları doğru şəkildə yerinə yetirməyimizdir".
Nahid Məmmədov