Misli Premyer Liqasının 3-ü turu geridə qaldı. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb klubların ilk turlarda göstərdiyi nəticələri dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu
"Zirə"nin ilk üç turdan sonra birinci pillədə yer alması çox yaxşı göstəricidir. Əlbəttə, üç turun nəticəsi uzun marafonun sonundan xəbər vermir. Potensial olaraq qeyd edim ki, "Qarabağ" bu çempionatın lideri kimi görünür. Ağdam təmsilçisinin bu mövsüm transfer etdiyi oyunçular xüsusi effekt verməsələr də, bu komandanın heyət baxımından digərlərindən daha üstün olduğu nəzərə çarpır. Legionerlərin oyun göstəriciləri prizmasından da "Qarabağ"ın hazırda öndə olduğunu vurğulamalıyam. Çempionluq uğrunda mübarizədə "köhlən atlar"dan sonra "Sabah" və "Neftçi" daha istəkli görünür. Üçüncü turun mərkəzi oyununda - "Sabah" - "Neftçi" qarşılaşmasında ilk hissə Masazır təmsilçisinin üstünlüyü ilə başa çatdığı halda, ikinci yarıda qonaqlar yaxşı təsir bağışladılar. "Zirə" "Sabah" və "Neftçi"yə potensial rəqibdir. İlk dörd yeri bu komandalar öz aralarında bölüşəcəklər. "Sumqayıt" və " Turan Tovuz"un da oyunlarından razı qaldım. "Araz-Naxçıvan" debutant olmasına baxmayaraq, inamlı çıxış edir. Dünənki matçda da son çempiona qarşı qorxaq futbol sərgiləməyərək öz oyun fəlsəfələrini ortaya qoydular. Dünən Zubir, Medina və Andradenin "Qarabağ" üçün nə qədər əhəmiyyətli fiqurlar olduqları bir daha sezildi. Bu oyunçular meydana çıxmadıqları üçün "Araz-Naxçıvan"la görüşdə çətinlik yaşadılar. Əlbəttə, dediklərim ilkin ehtimallardı. Qış fasiləsindən əvvəl, təqribən noyabrda klubların nəyə qadir olduqlarını dolğun şəkildə dəyərləndirə, müqayisələr apara bilərik".
Nahid Məmmədov