Dünən Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxan "Qarabağ" evdə Sloveniya "Olimpiya"sı ilə 1:1 hesablı bərabərliyə imza atdı. Beləliklə, səfərdə 2 cavabsız qolla yendiyi rəqibi mübarizəıdən kənarlaşdıran "köhlən atlar" ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynamaq şansını qazandı.
Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb Azərbaycan çempionunun dünənki oyununu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ hər zaman topu özündə saxlamaqla üstün olmağa çalışır. Yəni bu, onların ümumi oyun fəlsəfəsidir. Ağdam təmsilçisi istənilən rəqibə qarşı oyunda topa nəzarət özündə saxlamaq istəyir. Topu özündə saxlamaq istəyən komanda mütləq geridən təhlükəsiz şəkildə hücum qurmaq məcburiyyətindədir. Yəni uzun ötürmələrdən yox, daha çox qısa ötürmələrlə, dəqiq paslarla meydanın rəqibə aid hissəsinə keçib boşluqlardan istifadə etməyi hədəfləyirlər. Düşünürəm ki, dünənki oyunda da öyrəşdiyimiz oyun tərzinə sadiq qalmağa çalışdılar. Sadəcə olaraq, bəzi komandalar var ki, çox yaxşı pressinq tətbiq edirlər. Məsələn, ötən qrup mərhələsində Almaniya klubuna qarşı ("Frayburq"u nəzərdə tutur -red.) matçın artıq 15 dəqiqədə 0:2 hesabı ilə geridə idik. Belə desək, daha keyfiyyətli rəqiblər hücumların qarşısını alanda "Qarabağ" da aciz qala bilir. "Olimpiya" ilə oyunda təbii ki, rəqib istər-istəməz birinci matçdakı 0:2 hesablı məğlubiyyətdən sonra böyük qüvvə ilə pressinq etmək məcburiyyətində idi. Bu, "Qarabağ"ın gözləniləndən aşağı çıxış etməsinin səbəblərindən biri idi. Belə matşlarda səhv etməməlisən. Gördüyünüz kimi, təmsilçimizin buraxdığı qol zamanı Julio Romaonun topu özündə saxlaması vəziyyəti mürəkkəbləşdirdi. Braziliyalı təhlükəli zonada top itkisinə səbəb oldu. Ardından isə rəqib oyunçu baxımlı qola imza atdı. Məncə, ilk dəqiqələrdə vurulan qol bizim oyunçuları bir qədər arxayınlaşdırdı. Elə buna görə də "Qarabağ"ın oyunu istədiyimiz kimi alınmadı".
Nahid Məmmədov