2023/2024 mövsümündə Birinci Liqada mübarizə bölgə təmsilçilərindən biri də "Mingəçevir"dir. Aran təmsilçisinin prezidenti Ruslan Həmidovla ələqə saxlayıb komandanın hədəfləri və planları ilə maraqlandıq.
Həmidovun Fanat.Az-a müsahibəsini təqdim edirik:
- "Mingəçevir” in çempionatdakı hədəfi nədir ?
- Necə deyərlər, general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil. Yəni niyə də çempion olmayaq? Amma əslində 4-5-ci yerlər barədə düşünürük.
- İlk turda "Karvan"la səfərdə qarşılaşacaqsınız. Bu oyundan gözləntiniz nədir ?
- Oyuna ciddi hazırlaşırıq. İstəyirəm ki, meydandan qələbə ilə ayrılaq.
- Komandanın heyəti Birinci Liqada mübarizə apamağa kifayət edirmi? Sizcə, "Mingəçevir" növbəti mövsümdən Premyer Liqada çıxış edə bilər ?
- Klub bu mövsüm Birinci Liqada oynamaq şansı əldə edib. Biz Region Liqasından Birinci Liqaya yüksəlmişik. Allah qoysa, bu, baş tutar. Klub rəhbərliyi də, şəhər rəhbərliyi də Premyer Liqa barədə fikirləşir, amma necə olacağını zaman göstərəcək. Yerimizdə saymaq istəmirik. Yaxın gələcəkdə Premyer Liqada iştirak etmək niyyətindəyik.
- Çempionluq uğrunda mübarizədə hansı komandanı özünüzə rəqib bilirsiniz ?
- Bu mövsüm çox çətin olacaq. Çünki İkinci Liqaya düşmək məsələsi var. 9-cu yer pley-off oynayır. Hər bir komanda çempionata ciddi hazırlaşır.
- Heyətnizdə digər bölgələrdən olan oyunçuların sayı çoxdur. Qış fasiləsində də yeni transferlər gözlənilir ?
- Düzdür, 8 gəlmə futbolçu dəvət etmişik. Ancaq ehtiyac yaransa, yeni transferlər etməyə çalışacağıq. Zədəli oyunçular olsa, yəqin ki, transferlərə ehtiyac duyulacaq.
Nahid Məmmədov