Ötən mövsümün yekunlarına əsasən elitadan düşərək Birinci Liqaya yuvarlanan "Şamaxı" növbəti "futbol ili"ndə Misli Premyer Liqasına oynama əsas namizədlərdən biri sayılır. "Aslanlar"ın baş məşqçisi Vüqar Əsgərli ilə əlaqə saxlayıb bir neçə suala cavab aldıq.
Klubun baş məşqçisinin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Premyer Liqadakı çıxışdan sonra aşağı liqada iştirak etmək motivasiya problemi yaratmır?
- Premyer Liqa ilə Birinci Liqa arasında istək və motivasiya fərqi yoxdur. Əksinə, hazırda komandada daha da artıq istək var ki, yaxşı nəticə qazanıb yenidən Premyer Liqaya qayıdaq.
- Sizcə, iddialı "İrəvan", "Karvan" və "İmişli" kimi klublarla rəqabət aparıb yenidən elitaya dönmək mümkün olacaqmı? Sizin çempionluğa oynayan digər komandalardan üstün tərəfiniz nədir?
- Yalnız adlarını çəkdiyiniz klublarla deyil, Birinci Liqada iştirak edən hər bir kluba qarşı eyni cür rəqabət aparmaq lazımdır. Üstün tərəfimizi özümün qeyd etməyim düz çıxmaz. Amma "Şamaxı"da rəhbərlikdən tutmuş işçilərə qədər yetərincə peşəkar insanlar cəmləşib. Hamı məsuliyyəti dərk edir.
- Ötən mövsüm birlikdə çalışdığınız Cavid Hüseynovla işləmək rahat idi, yoxsa tək?
- Cavid Hüseynovla bir yerdə işləməyimiz yaxşı bir təcrübə idi. Cavid müəllimə yeni işində uğurlar arzulayıram.
- İlk turda "Qaradağ Lökbatan"la üzləşəcəksiniz. Bu oyundan gözləntiniz nədir?
- Söylədiyiniz kimi, ilk matçımızı "Qaradağ Lökbatan"a qarşı keçirəcəyik. Deyərdim ki, Birinci Liqanın ən təcrübəli komandasıdır. Məqsəd yalnız qələbə qazanıb iddiamızı davam etdirməkdir.
Nahid Məmmədov