Bu gün Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da Belçika seçməsini qəbul edəcək. Qrupun favoritinə qarşı görüşdən öncə idman jurnalistlərindən Canni De Byazinin yetirmələrinin bu rəqibi büdrədəcəyinə inanıb-inanmadıqlarını soruşduq.
Media mənsublarının Fanat.Az-a açıqlamalarını təqdim edirik:
Tural Xudiyev (Space TV): "Bu sual mənə məşhur "Niyə də yox..." şüarını xatırlatdı). Təəssüf ki, istəklərimizlə imkanlarımız həmişə üst-üstə düşmür. Amma, ümid həmişə var. Son illərin bəlkə də ən güclü heyyətinə malik milli bugünkü qarşılaşmada sürprizə də umid verir. Komandadan qrup favoritinə qarşı mübariz ruhlu oyun və uğurlu nəticə gözləyirəm. Qorxub çəkinməyə dəyməz. Hər halda Xəzər üçün sunami təhlükəsi xarakterik deyil. "Dalğa arena" okean sahilində yerləşmir".
Ceyhun Rzayev (ATV): "Məndə olan məlumata görə milli bu gün 3 mərkəz müdafiəçisi ilə oynayacaq. Rahil Məmmədou əsas heyətdə görəcəyik. Müdafiədə belə desəm, dəmir beton hörəcəyik. Belçika aşkar favoritdir. Amma hər şey ola bilər. Onları büdrədib 1 xal da götürə bilərik, iri hesabla məğlub da ola bilərik".
Kənan Məstəliyev (Rekord.az): "Komandanın başında De Byazi kimi bacarıqsız birinin olduğu müddətdə mən bizim millidən heç bir uğur gözləmirəm. Xüsusilə də Belçika kimi rəqiblərə qarşı. Bu cür komandalarla oyunlarda əzmkarlıq, mübarizlik, döyüşkənlik kimi xüsusiyyətlər ön plana çıxır. Oyunçuları tapşırıqla seçən, qarşısına qoyulan siyahı ilə yığma quran adama görə futbolçular niyə mübarizə aparsınlar ki? Bizi ancaq oyunçuların milli ruhu xilas edə bilər. 12 il əvvəl bundan daha güclü Belçikanı Bakıdan cəmi 1 xalla yola sala bilmişdik. İndi də bunu təkrarlamaq olar, amma mən buna inanmıram. Bəli futboldu, meydança da bizimdir, ancaq həmin ruh yüksəkliyini hiss etmirəm. Hər halda, bu yığma bizimdir, sona qədər dəstək olacaq, qələbəsini arzulayacağıq".
Rəşad Ergün (Komanda.az): "Belçika millisinin heyətində ciddi itkilər var. Xüsusən də, mənə görə, dünyanın ən ağıllı yarımmüdafiəçilərindən olan Kevin De Bröyne bu oyunu buraxacaq. Romelu Lukakunun da matça tam hazır olmadığı deyilir. Amma bütün bunlar rəqibin gücünə kölgə salmır. Həm də, məsələ belçikalıların necə oynayacağından çox, Azərbaycan millisinin meydanda nə göstərəcəyidir. Düzü, bizim komandaya çox da güvənmirəm. Qələbə qazanmaq möcüzə olar. Amma əzmkarlıqla, meydanda rəqibdən daha çox qaçmaqla hec-heçəyə nail olmaq mümkündür. Yəni, az da olsa, heç-heçəyə ümidim var".
İlkin Sultanlı (Futbol+): Hazırda millinin heyətində yetərincə səviyyəli oyunçular cəmləşib. Şahruddini də saysaq, 8 futbolçu karyerasını ölkə xaricində davam etdirir. "Qarabağ", "Neftçi", "Sabah"da kifayət qədər yaxşı mövsüm keçirən oyunçular olduğunu deməliyik. Bütün bunlara rəğmən, millinin böyük problemi var. Bu komandanın çalışdırıcısı Canni de Byazidir. İtaliyalının eqoistliyi və özündənrazılığı ucbatından Azərbaycan futbol tarixində milli səviyyədə ən yaxşı komandası fiaskoya uğrayır. Belə məqamda Belçika ilə oyunda xal qazanacağımızı düşünmək sadəlöhvlük olar. "Qırmızı şeytanlar" oyunu ciddiyə almayacağına ümid etməliyik".
Nihat