UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 5-də İsveçin "Hekken" komandasının qonağı olacaq.
"Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədovdan Ağdam təmsilçinin səfər oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hesab edirəm ki, "Qarabağ" səfərdən uğurlu nəticə ilə dönəcək. Bu oyunda qazanılacaq üç xal demək olar ki, komandamızın növbəti mərhələyə çıxmaq şansını 70-80 faizə çatdıracaq. Rəqib də bunu anlayır və onlar da ardıcıl iki oyunda məğlub olmaq istəməyəcəklər. Bu baxımdan təmsilçimizi çox çətin mübarizə gözlədiyini düşünürəm. Məncə, bu oyun Bakıdakı qarşılaşmadan - "Molde" ilə oyundan da çətin olacaq. İstənilən halda, Ağdam klubunun şanslarını yüksək dəyərləndirirəm. İsveçdə mümkün heç-heçə də komandamızın işinə yarayacaq. "Qarabağ" barədə müsbət fikir səsləndirməyimi onunla da əsaslandırıram ki, son oyunları analiz edəndə klubun optimal formaya düşməyə doğru getdiyi görünür. İstər çempionat oyunlarında, istərsə də ilk qrup oyununda yaxşı futbol sərgilədilər. Yəni "Qarabağ"ın oyunu İsveçdə qələbə qazanacağını düşünməyə əsas verir".
Xatırladaq ki, "Qarabağ" H qrupunun ilk turunda evdə Norveç "Molde"sini 1:0 hesabı ilə yenib.
Nihat