Birinci Liqada çıxış edən "İmişli" kulubunun forma satışının qiyməti ilə bağlı sosial şəbəkə hesablarında edilən paylaşıma azarkeşlər birmənalı reaksiya göstərməyiblər. Klub prezidenti Aqşin Mürsəlovla əlaqə saxlayıb məsələ ilə bağlı mövqeyini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Forma satışı Futbolun İnkişaf Fondunun dəstəyi ilə ərsəyə gəlib. Parçası Türkiyə istehsalıdır. Məhdud sayda, yəni 100 ədəddir. Həm azarkeşlərimiz üçün, həm də kluba maliyyə dəstəyi üçün atılmış addımdır. Ola bilsin ki, kimsə həmin keyfiyyətdə olan formanı 20 manata ala bilər. Amma stadiona üzərində komandanın loqosu olan forma ilə gəlmək də əlavə dəstəkdir. Qiyməti ola bilər ki, kiminsə büdcəsi üçün çoxdur. Qiymət eyni zamanda rəmzi xarakter daşıyır. Buna səbəb İmişli rayonunun nəqliyyat vasitəsilərinin dövlət qediyyat nişanının 30-la başlamasıdır. Məhz buna görə 30 rəqəmini seçdik. Yəni qiyməti 25 manat və ya 40 manat da edə bilərdik. Sadəcə, 30 etdik ki, İmişli ilə bağlılığı olsun".
Nahid Məmmədov