UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 26-da Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olacaq.
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı üçüncü oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqib güclü "Bayer Leverkuzen" olsa da, bu oyundan gözləntilərim müsbətdir. "Bayer"in nə dərəcədə güclü olduğununa hazırda Bundesliqada birinci pillədə mövqe tutması əyani sübutdur. Alman praqmatizmi ilə baş məşqçi Xabi Alonsonun kreativliyi ortaya belə nəticə çıxarıb. Oyunçularımız heç də təzyiq altında olmayacaqlar. Demək olar ki, birinci və ikinci yer təmin edilib. Biz də birinci yerdəki rəqibə qarşı oyunayırıq. Doğrudur, bu matçdan 1 xal götürə bilsək, ikinciliyi böyük ölçüdə təmin etmiş olarıq. Həmin 1 xaldan ötrü həddindən artıq konsentrasiya ilə çıxış etməliyik. Aleks Qrimaldo və Viktor Bonifase kimi təhlükəli oyunçuları var. Leverkuzen komandasının oyun tempi Qranit Cakadan asılıdır. Belə rəqibə qarşı oyun təbii ki, çətin olacaq. İstənilən halda, bu oyundan biz xal və xallar qazana bilərik. Alman klubları ilk dəqiqələrdə daha konsentrasiyalı olurlar. Onlar ilk dəqiqələrdə pressinq tətbiq edirlər. Pressinqdən çıxdıqda Andrande və Zubir cinahlarda təhlükəli olacaqlar. Mən bu oyundan ümidliyəm. Bizim xal qazanmaq imkanımız var. Biz oyunun hansısa hissəsində yaranmış vəziyyətlərdən istifadə edə, cinahlarda birəbir keçidlər zamanı üstünlük qazanıb qol vura bilərik".
Nahid Məmmədov