UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 26-da Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olacaq.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq üzvi Vladislav Qədirov ilə əlaqə saxlayıb Ağdam təmsilçinin səfər oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" sabah güclü rəqiblə oynayacaq. "Bayer" öz çempionatında birinci yerdə qərarlaşıb. Hər kəs bilir ki, Avropanın "TOP-5" çempionatlarından birində çıxış edən klub necədir. Təbii ki, çətin olacaq, amma "Qarabağ" bu kimi komandalarla oyuna öyrəşib. Bundan öncə İngiltərə, İtaliya və Portuqaliya klubları ilə oynayıb, təcrübə toplayıb. İstərdim ki, bu oyundan bir xal qazanaq. Almanlar da anlayırlar ki, ilk turlarda nə qədər xal toplasalar, onlar üçün o qədər xeyirlidir. Bir xal qazansaq, bizim üçün böyük nailiyət olar. Keçən il "Frayburq"a məğlub olduqları oyunu çox bəyənmişdim".
Nahid Məmmədov