"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Bayer Leverkuzen"in müdafiəçisi Alexandro Qrimaldo komandasının cari mövsüm sərgilədiyi parlaq çıxışdan danışıb.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Belə başladığımıza görə çox şadam. Mənim kimi yayda klubunu dəyişib başqa ölkəyə yollanan zaman necə uyğunlaşacağını bilmirsən, amma startımız çox yaxşı alındı. Klubumdan, baş məşqçimizdən, indiki formamdan məmnunam. Özümü əla hiss edirəm. Bu səviyyəni qorumaq çətindir. Biz bunu bilir və hər oyunda bacardığımızı ən yaxşı şəkildə ortaya qoymağa çalışırıq. Əla komandamız və əla məşqçimiz var. Məncə, olduğumuz yerdə qalmaq, "Bayern Münhen"i, Dortmund "Borussiya"sını və "Leyptsiq"i narahat etmək uğrunda mübarizə apara bilərik.
Bundesliqanın səviyyəsi? Səviyyə ürəyimcədir. Burada istənilən rəqib çətinlik yaratmağı bacarır. Almaniyada stadionlar, azarkeşlər xoşuma gəlir. Hər oyunda gərginlik sezilir ki, bu da istənilən oyunçu üçün müsbət məqamdır. "Bayer"ə keçməyə qərar verdiyim üçün şadam".
Qeyd edək ki, 10 tura 28 xal toplayan "Bayer" Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Almaniyadakı qarşılaşmada "Qarabağ"ı 5:1 hesabı ilə məğlub edən Leverkuzen təmsilçisi noyabrın 9-da təmsilçimizə qarşı ikinci oyununa çıxacaq.
Nihat