UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" noyabrın 30-da Norveçin "Molde" komandasının qonağı olacaq.
Tanınmış futbol mütəxəssisi Tərlan Əhmədovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin həlledici oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ı səfərdə "Molde" ilə çətin oyun gözləyir. Hamı kimi, mənim də gözləntim "Qarabağ"ın səfərdən qalib dönməsidir. Məğlubiyyət heç bir halda Ağdam klubuna sərf eləmir. Belə olsa, üçüncü yerlə Konfrans Liqasına gedəcək. İstərdim ki, "Qarabağ" ikinci yerdə Avroliqanın pley-off mərhələsinə çıxsın. Belə matçlarda hansı komanda az səhv edərsə, o da qalib gələr. "Qarabağ"ın son oynlarında, yəni həm Premyer Liqada, həm qrup mərhələsində buraxdığı səhvlər çoxdur. Müdafiədəki problemlərini bilirik. O baxımından, səhvsiz qarşılama baş tutsa və diqqətli olsalar, bu oyundan qalib çıxa bilərlər. "Molde"nin üstünlüyü odur ki, rəqibini evdə qəbul edir. Xatırladım ki, rəqib Bakıdakı görüşdə son dəqiqələrdə 100 faizlik qol imkanlarını qaçırtmışdı. Amma "Qarabağ" səfərdə həmişə uğurlu çıxış edib. Hər halda, "Qarabağ" son vaxtlar formada olan komandadır. Düşünürəm ki, kimin şansı daha çox olacaqsa və müdafiədə səhvləri olmayacaqsa, o qalib gələcək".
Nahid Məmmədov