Cari mövsümün ilk yarısında "Neftçi"nin qeyri-sabit çıxışı futbol ictimaiyyətinin gündəmindən düşməyən mövzulardandır. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "ağ-qaralar"ın durumu ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bir klub tez-tez məşqçi dəyişirsə, bu qeyri-stabillik nümunəsidir. Qeyri-stabilliyin olduğu yerdə də yaxşı nəticələr gözləməyə dəyməz. "Neftçi"yə yaxşı büdcə lazımdır. İkinci və ya üçüncü yeri tutsa, nə olacaq? "Neftçi" adına uyğun qalmalıdır. "Neftçi" hər mövsüm birincilik üçün mübarizə aparmalı, "Qarabağ"la rəqabətə dayanıqlı bir kluba çevrilməlidir. Belə yanaşma ilə bu, çox çətin olacaq. Bilmirəm transferləri kimlər edir. Transferlərin keyfiyyətinə diqqət yetirmək lazımdır. Bu qədər maliyyə ayrılıb, amma oyunçuların keyfiyyəti aşağıdır. "Neftçi" kimi klub transferdə bir-iki dəfə səhv edər, amma bu qədər də yox.
Adrian Mutunu gətirəndə düşünmək lazım idi. Hansısa klubu yarıyolda qoyub Bakıya gəldi. Bu, xoşagələn hal deyil. Bir klubu yarıyolda qoyursansa, bu, bir məşqçinin imicinə xələl gətirən haldır. "Neftçi" fikirləşməli idi ki, bu baş məşqçi başqa klubu atıb gəlirsə, ondan dayanıqlılıq gözləmək çox çətin məsələdir. Bilmirəm yeni məşqçi hansı səviyyədədir. Rusiya çempionatında yaxşı iştirak etmək hələ yaxşı nəticə əldə etmək deyil.
Bundan sonra transferləri kimlər edəcək? Düzü, bu, mənim üçün qaranlıq məqamdır. "Neftçi" ölkə kubokunu qazana bilər. Amma çempionatda dayanıqlılıq artıq mümkün deyil. Əminliklə deyirəm ki, "Neftçi " bundan sonra "Qarabağ" a çatası deyil. Mövsümün ortasından artıq əminliklə deyə bilərəm ki, bu komanda birinci yeri tuta bilməyəcək".
Nahid Məmmədov