“Qəbələ”nin legioneri Bilel Auaşeriya hazırda davam edən təlim-məşq toplanışını dəyərləndirib.
Fanat.Az-a danışan fransalı yarımmüdafiəçi hazırlığın gedişi, həmçinin, mövsümün ikinci yarısı ilə bağlı planlarından söz açıb.
- Komandanın qış fasiləsinə sonuncu pillədə yollanması, daha dəqiq desək, uğursuzluq barədə nə deyə bilərsən?
- Bu yaxşı hal deyil. Ancaq imkanımız var ki, bütün səhvləri aradan qaldırıb yaxşı nəticə əldə edək.
- Konfrans Liqasının ilk oyununda "Omoniya" qarşı çox yaxşı təsir bağışlayan komandanın bu gün aultsayder olmasının səbəbi nədir?
- Çalışıram ki, səbəb axtarmayım. Səbəb çox şey ola bilər. Artıq bu keçmişdə qaldı. Bütün oyunçular təlim-məşq toplanışında məşqlərə fokuslanıb. Keçmişi unudub gələcəyə baxmaq lazımdır.
- Keçmişi xatırlamaq istəmirsiz. Bəs gələcəklə bağlı nikbin notlara köklənmək olar?
- Əlbəttə ki, gələcəyə nikbin baxırıq. Belə olmasaydı, bu gün çıxıb gedərdik. Gördüyüm odur ki, bütün oyunçular əvvəlkindən daha pozitivdir, bir-birinə kömək etməklə, yüksək səviyyədə iş görürlər.
- Bəlkə baş məşqçinin yanlış oyun fəlsəfəsinə görə, komanda bu gün sonuncu pillədədir?
- Baş məşqçinin tapşırıqlarını futbolçu olaraq yerinə yetirməliyik. O, sadəcə meydana çıxan 11 nəfəri müəyyən edir və biz onun tapşırıqlarını icra etməliyik. Düşünmürəm ki, hansısa narazılıq var. Sadəcə, baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə meydanda yerinə yetirmək lazımdı.
- Fasilə ərəfəsində yəqin ki, rəhbərlik sizinlə görüşüb. Sonuncu pillədə olduğunuz üçün sizə nə deyib və gələcəklə bağlı hansı tapşığı qoyub?
- Dünyada istənilən klub belə vəziyyətə düşə bilər. Rəhbərlik də komanda ilə görüşür. Bizdən əlimizdən gələnin maksimumunu etməyimizi istəyirlər.
- Necə düşünürsünüz, "Qəbələ" Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq, ya daha üst pillələrə iddialı olacaq?
- Maraqlı sualdır. Əlbəttə ki, istərdik ki, turnir cədvəlində daha yuxarı qalxaq. Amma gəlin real danışaq ki, bu gün durum bizi Premyer Liqada qalmağa vadar edir. Hələ bu vəziyyətdən çıxaq, sonra üst pillələr barəsində danışarıq.
Nahid Məmmədov