Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Sumqayıt" mövsümün ikinci yarısına qələbə ilə başladı. Səfərdən 3 xalla dönən "kimyaçılar"ın futbolçusu Murad Xaçayevə bir neçə sual ünvanladıq.
Xaçayevlə Fanat.Az-ın əməkdaşının dialoqu belə alındı:
- Qış transfer dönəmindən sonra komandanın ilk oyununu necə qiymətləndirirsiniz?
- Qış fasiləsindən sonra ilk rəsmi oyunumuzu keçirdik. Hava şəraiti heç bizim alışdığımız tərzdə deyildi. Şadıq ki, evə 3 xalla qayıtdıq.
- Sizcə, görüşün ədalətli nəticəsi 1:0 idi ?
- Oyun, məncə, gərgin keçdi. Matç ərzində çox da təhlükəli məqamlar olmadı. Deyə bilərik ki, bir qol vuran komanda qalib gələcəkdi. Şadam ki, o qolu biz vurduq.
- Əvvəl dayaq yarımmüdafiəçisi kimi çıxış edirdiniz. İndi isə meydanda müdafiəçi kimi mübarizə aparırsınız. Bu sizin istəyinizdir, yoxsa baş məşqçinin təlimatı?
- Bəli, artıq yarımmüdafiədə necə oynamaq lazım olduğunu unutmağa başlamışam (gülür). Amma bütün mövsüm mərkəz müdafiəçisi kimi çıxış etdiyimi nəzərə alsaq, 3 mərkəz müdafiəçisinə keçmək o qədər də çətin olmadı.
Nahid Məmmədov