Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"dan alınan 1:7 hesablı məğlubiyyət "Sabah"ın baş məşqçisi Murad Musayevin postundan getməsinə səbəb oldu.
Azərbaycan millisinin məşqçisi və "Sabah"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb rusiyalı mütəxəssisin gedişi ilə bağlı fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Murad Musayevin "Sabah"dakı işini qiymətləndirmək lazımdır. O, Azərbaycana gələn əcnəbi məşqçilər arasında öz dəsti-xətti ilə seçildi. Öz fəaliyyəti ilə adını "Sabah"ın tarixinə yazdırdı. Amma məşqçi işi belədir ki, həmişə çantan əlində olmalıdır. Uğurun ardınca uğursuzluğun da yaşanması mümkündür. Yəni eyni zamanda tam əksi də baş verə bilər. Belə hallara normal yanaşmaq lazımdır. Hər iki tərəfə uğurlar arzulamalıyıq. Boş qalan məşqçi postuna yerli və ya əcnəbi mütəxəssisin gətirilməsi klub rəhbərliyinin qərarına bağlıdır".
Xatırladaq ki, Musayev "Sabah"la dünən vidalaşıb.
Nahid Məmmədov