"Qarabağ"ın forvardı Juninyonun Azərbaycan təmsilçisindəki aqibətinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir. Cari mövsüm həm daxili yarışlarda, həm də Avropa səhnəsində adından söz etdirən braziliyalı hücumçunun bir sıra tanınmış klubların diqqətlərini üzərinə çəkməsi faktdır. Onun növbəti mövsümə harada başlayacağına gəlincə, indiki durumda hər şey böyük ölçüdə 17 qolla Misli Premyer Liqasının bombardirlər cədvəlinə başçılıq edən "sambaçı"nın özündən asılı olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçunun transferi üçün "Qarabağ"la bir yox, bir neçə klub əlaqə saxlayıb.
Onların arasında Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsində dramatik şəkildə mübarizədən kənarlaşdırdığı "Braqa" (4:2, 2:3) və "Beşiktaş" da var. "Qarabağ" 27 yaşlı oyunçunu satmağın tərəfdarı deyil, amma rəhbərlik onun öz istəyini nəzərə almağı uyğun sayır. Yəni Juninyo getmək istəsə, mütləq satılacaq. Məbləğə gəlincə, ağdamlılar 7-8 milyon avro qarşılığında onunla vidalaşa bilərlər. Mövcud vəziyyəti nəzərə alsaq, Juninyonun növbəti mövsümə "Qarabağ"da başlamamaq ehtimalı daha realdır.
Qeyd edək ki, ötən ilin yayında Portuqaliyanın "Şaveş" klubundan alınan Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Nihat