Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Sabah"la qarşılaşıb. Görüş qonaq komandanın minimal hesablı 0:1 məğlubiyyəti ilə yekunlaşıb.
Muxtar Respublika təmsilçisinin yarımmüdafiəçisi Vadim Abdullayev Fanat.Az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirib.
Abdullayev matçı belə dəyərləndirib: "Bu oyunda komanda istəkli idi. Ümid edirdik ki, üç xalı qazanacağıq. Adi vəziyyətdən qol buraxdıq və geri dönüş etmək çətin oldu. Buna baxmayaraq, komanda yaxşı çıxış elədi.
Qarşıdakı üç oyuna maksimum nəticə üçün çıxacağıq. Birinci mövsümdə daha çox xal toplayıb klubun tarixinə düşmək istəyirik. Bütün məşqçilər və oyunçular "Araz Naxçıvan"ı yaxşı təmsil etmək üçün mübarizə aparır".
Təcrübəli futbolçu gələcək karyerası ilə bağlı suala da belə cavab verib: "Araz-Naxçıvan"a öz ailəm kimi baxıram. Klub mənimlə yola davam etmək istəsə, heç vaxt başqa şey düşünmək istəmərəm. İstəyərəm ki, bu komandaya daha çox kömək olum. Bacardıqca daha çox bu klubda qalıb karyeramı burda bitirmək istəyirəm. "Araz Naxçıvan"ın uğurunu görmək istəyirəm. Bu yerə gələnə qədər hansı çətinliklər çəkdiyimi Allah və ailəm bilir. Allah nəsib edərsə, "Araz-Naxçıvan"da qalacağam".
Nahid Ustaclı