"Oyun psixoloji baxımdan çətin idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. İkinci hissədə Brayan Moreno gözəl qol vurdu. O qoldan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydanda oynamaq çətindir. Ona öyrəşməmişik".
Bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 35-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
- "Sabah"la oyun avrokuboklara getmək üçün həlledici olacaq. Bu görüşdə sizə heç-heçə sərf edəcək. Qələbə üçün oynayacaqsız?
- Biz evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. "Sabah"la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm.
Mənbə: Sportal.az