Misli Premyer Liqasının 35-ci turunda "Neftçi" səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub etdi.
Matçın ardından qonaq komandanın müdafiəçisi Azər Salahlı Fanat.Az-a müsahibə verdi.
- Oyun haqda fikirləriniz necədir?
- Bizə qələbə lazım idi. Çox ciddi hazırlaşmışdıq. Turnir cədvəlində vəziyyəti bilirsiz. Buna görə bizə nəticə lazım idi. İlk hissəni ehtiyatlı oynadıq. Çünki risk etmək istəmədik. İkinci hissədə isə vaxtın daraldığını görüb hücuma atıldıq. Bunun bəhrəsi olduğu üçün sevinirik. Qələbəyə görə sevincliyik.
- Birinci hissədə "Səbail" daha istəkli idi. Sizcə, bunun səbəbi nə idi?
- "Səbail"in daha istəkli göründüyünü deməzdim. Biz sadəcə, risk etmirdik. Çünki meydan amili də öz sözünü deyirdi. Süni örtüklü meydanda uzun müddətdir ki, oynamırdıq. Ona görə ehtiyat edirdik. Meydana öyrəşəndən sonra tempi artırdıq və istədiyimizə nail olduq.
- Bugünkü çıxışınızı necə dəyərləndirirsiz?
- Öz oyunum normaldır. Hər şey qaydasındadır. Çempionatın sonu yaxınlaşdıqca öz oyunumda yüksəliş hiss edirəm. Bu, məni sevindirir.
- Növbəti tur "Sabah"la qarşılaşacaqsız. Həmin oyun haqda nə deyə bilərsiz?
- "Sabah"la oyun həlledici olacaq. Sevindirici hal budur ki, hər şey öz əlimizdədir. Qələbə sayəsində avrokuboka vəsiqə qazana, çempionatı ikinci yerdə başa vura bilərik. Hər şey öz əlimizdədir.
Nahid Ustaclı