Növbəti mövsümdən Misli Premyer Liqasında (MPL) komanda sayının artırılmayacağı dəqiqləşib. Bu isə o deməkdir ki, son anda fors-major hal yaşanmasa, elitada qalmaq şansını ötən ay itirən "Qəbələ" növbəti mövsümə Birinci Liqada başlayacaq. Əlbəttə, ölkədə analoqu olmayan infrastruktura sahib "qırmızı-qaralar"ın turnir cədvəlinin "zirzəmi"sindən çıxmaq şansının olmaması ikili hisslərə meydan verir. İdman prinsipləri prizmasından yanaşsaq, şübhəsiz, ən zəif nəticə göstərən komandanın MPL-lə azı bir mövsümlük vidalaşması ədalətin yerini tapmasıdır. Digər tərəfdən, belə bir klubun aşağı diviziona yuvarlanması nəinki qəbələli azarkeşlər, neytral futbolsevərlər üçün də üzücü haldır.
Fiasko nədən başladı?
Ötən mövsüm finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olan komandanın fiaskoya uğrayacağı yəqin ki, ən bədbin tərəfdarın da ağlına gəlməzdi. Lakin 2022/2023 "futbol ili"ndə Elmar Baxşıyevin rəhbərliyi altında adından söz etdirən kollektivin aparıcı oyunçularını heyətdə saxlaya bilməməsi vəziyyəti mürəkkəbləşdirdi. Yarımmüdafiəçi İsnik Alimi və mərkəz müdafiəçisi Ruan Renato başda olmaqla, önəmli futbolçuların getməsi sıradan fakt deyildi. İş o yerə çatdı ki, Qəbələ təmsilçisinin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Omoniya"sına hər iki qarşılaşmada uduzaraq (2:3, 1:4) mübarizəni dayandırması gözlənilən sonluq qismində dəyərləndirildi.
Yeni mövsümün başlanğıcında klubdan ayrılanların, yeni gələnlərin və müqavilə yeniləyənlərin tam siyahısı isə belə idi:
Gələnlər: Ahmed Ayzaya ("Kəpəz"), Zurab Oçiqava ("Sabah"), Lukas Afriko ("Eştoril", Portuqaliya), Osama Xalayla ("Bney Reyneh", İsrail), Gilad Abramov ("Hapoel Hadera", İsrail), Rauf Hüseynli ("Şamaxı"), Bilel Auaşeriya (“Jil Visente”, Portuqaliya), Rəşad Əzizli ("Şamaxı").
Gedənlər: Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato, Rafael Utziq, Rüfət Əhmədov, Samuel Tetteh ("Adanaspor", Türkiyə).
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Kristof Atanqana, Ülvi İsgəndərov, Omar Hani.
Baxşıyev vaxtında göndərilməliydi
İş-işdən keçəndən sonra baş məşqçi postunu tərk edən Baxşıyevin mövcud heyətlə vəziyyətdən çıxa bilməyəcəyi ən azı noyabrdan bəlli idi. Hiss olunurdu ki, komandada "yeni qan"a ehtiyac var. Əlbəttə, bir neçə ay öncə ölkə kubokunu qazanmış, məhdud büdcə ilə döyüşkən kollektiv formalaşdırmış mütəxəssislə bağlı gözləmə mövqeyi tutan rəhbərliyi də müəyyən mənada başa düşmək olar. Amma peşəkar futbolda klubun mənafeyi hər şeydən önəmlidirsə, deməli, vəziyyətin bu həddə çatmasında idarəçilərin də günahı az deyil. Baxşıyev vaxtında göndərilməliydi. Yəni ən pis halda, komanda qış fasiləsi ərəfəsində başqa mütəxəssisə tapşırılmalıydı.
Tsxadadze nəyi sübut etdi?
Cari mövsüm komandanı MPL-də Baxşıyev 24 oyuna çıxaran Baxşıyevin rəhbərliyi altında bölgə təmsilçisi 4 qələbə 3 heç-heçə 17 məğlubiyyətlə yadda qaldı. Bu sayda matçda cəmi 15 xal toplayan "qırmızı-qaralar" 21 faizlik nəticə göstərib. Olduqca çılpaq reallıqdır, deyilmi?
Fevralın 25-də baş məşqçi təyin edilən Kaxaber Tsxadadze tanımadığı komandanı 11 çempionat oyununa çıxarıb. Bu qarşılaşmalarda 3 qələbə, 2 heç-heçə və 6 məğlubiyyətlə 11 xal toplayan əcnəbi mütəxəssisin 33 faizlik nəticəsi göz qabağındadır. Nəzərə alaq ki, hələ "Qəbələ"nin son turda "Sumqayıt"la səfər matçı da var. Bu isə o deməkdir ki, ümumi nəticənin bir qədər də yaxşılaşmaq ehtimalı qüvvədədir. Bəli, Azərbaycan Kubokunun yarımfinalında "Zirə"dən alınan 2 məğlubiyyət (1:2, 0:2) də gürcü çalışdırıcının dönəminə təsadüf edib. Ancaq "Zirə"nin bu mövsüm nə dərəcədə möhkəm kollektiv olduğunu bilmək əlavə şərhə əlyeri qoymur. MPL-in 35-ci turunda "Araz-Naxçıvan"ın baş məşqçisi qismində Qəbələ səfərinə yollanan Elmar bəyin sabiq komandasından alınan 0:2 hesablı yenilgiyə üzüldüyünü də xatırlatmaq yerinə düşər.
Son söz əvəzi
Girişdə qeyd etdiyimiz kimi, qeyri-adi nəsə baş verməsə, "Qəbələ" növbəti "futbol ili"ndə Birinci Liqada mübarizə aparacaq. Tsxadadzenin aşağı divizionda işləməyə razılıq verib-verməyəcəyini zaman göstərəcək, lakin onu qalmağa razı salmaq mümkün olsa, çox böyük ehtimalla, komanda birillik fasilədən sonra elitaya qayıdacaq. Görünən budur ki, Baxşıyev bu heyətlə mümkün olanın ən yaxşısını edə bilməyib.
Nihat