Çempionatı 7-ci yerdə başa vuran, nəticədən narazı qalan rəhbərliyin büdcəsini azaltdığı "Səbail"də yeni mövsüm üçün ciddi dəyişiklik gözlənilmir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandaya ilk növbədə heyətini qorumaq tapşırılıb.
Bunun nə qədər mümkün olacağını zaman göstərəcək. Hər halda, Adil Nağıyev artıq "dənizçilər"lə yollarını ayırıb. Klub rəsmiləri hazırda qalan yerli oyunçularla danışıq aparıb onları yeni müqavilə bağlamağa razı salmaq üçün səy göstərir. Bundan sonra legionerlərlə danışıqlar başlayacaq.
Bu mənada, "Səbail" üç əcnəbi oyunçusundan arxayındır. Belə ki, uzun müddətdir zədədən əziyyət çəkən və yeni mövsümün startına qədər sıraya dönəcəyi gözlənilən fransalı yarımmüdafiəçi David Qomis, o cümlədən Portuqaliyadan olan mərakeş əsilli Süleyman Alluş və Madi Quetanın müqavilələri davam edir.
22 yaşlı Alluş qışda "Səbail"lə 2,5, Madi isə 1,5 illik müqavilə imzalayıb. Qomisə gəlincə, 2023-cü ilin yanvarında Bayıl təmsilçisinə keçən yarımmüdafiəçi sonradan anlaşmasının müddətini 2025-ci ilin dekabrına kimi uzadıb.
Mirağa