Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi dünən məşqçi Arif Əsədovun rəhbərliyi altında Qazaxıstan yığması ilə qarşılaşdı. Toplanış çərçivəsində çıxdığı ilk qarşılaşmada Albaniya seçməsinə uduzan (1:3) təmsilçimiz qazaxlarla görüşdə 0:2 hesabı ilə geri düşsə də, sonradan 3 qol vuraraq qələbə qazanmağı bacardı. Tanınmış futbol mütəxəssisi, millinin sabiq futbolçusu Aslan Kərimovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Arif Əsədovun rəhbərliyi altında komandamız dominant futbol oynamağı bacardı. Yalnız Qazaxıstanla matçda deyil, bütün oyunlarda qol imkanları yaratmağı bacardıq. Təbii ki, çatışmazlıqlar var. Qazaxıstan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarındakı performansı ilə müqayisə olunurduq. Bu yoldaşlıq görüşü onu sübut etdi ki, millimiz onlardan heç də geri qalmır. Oyun anlayışı baxmından biz onlardan daha yaxşı idik. Sadəcə, onlar kəsərli əks-hücumlar qurmağı bacarırdılar. Həm Albaniya, həm də Qazaxıstan millisi əks-hücumlarda daha keyfiyyətli oyun nümayiş etdirirdi. Millimizin futbolçularının oyun praktikasının olması əhəmiyyətlidir. Bu oyunlarda gücümüzün hansı səviyyədə olduğunu öyrəndik. Biz dominant oyunla yanaşı, əks-hücumlarda da daha keyfiyyətli olmalıyıq. Qazaxıstan millisi bu strategiya ilə irəliyə addım atıb. Biz də qarşıdakı matçlara belə oyun fəlsəfəsi ilə yanaşmalıyıq".
Nahid Ustaclı