Dünən UEFA-nın “Qarabağ”ı 28 500 avro (53924 manat) məbləğində cərimələdiyi açıqlandı.
Fanat.Az xəbər verir ki, pul cəzasının Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində və pley-off-da keçirdiyi matçlarda yaşananlar üzündən kəsildiyi bildirildi.
Belə ki, qitə futbol qurumu Ağdam klubunu 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirdiyi səfər oyununda “düzgün olmayan davranış”a görə 6000, pley-off oyunları çərçivəsində Bakıda Zaqreb “Dinamo”su ilə baş tutan matçda “idman tədbirinə uyğun olmayan mesaj”a görə isə 22500 avro cərimələyib.
Klubun sözçüsü Anar Hacıyevin köməyi ilə cərimələrin konkret, hansı səbəbdən kəsildiyini dəqiqləşdirdik. Məlum oldu ki, təmsilçimiz Bolqarıstanda "Ludoqorets" üzərində 7:2 hesablı qələbə qazandığı matçda texniki zonadakı aşırı çılğınlıq səbəbindən 6000 avro (11352 manat) ödəməyə məcbur edilib. Qalan məbləğ isə azarkeşlərin payına düşür. "Dinamo" ilə Bakıdakı dueldə (0:2) tribunalarda səsləndirilən "UEFA - Mafiya" şüarı Azərbaycan klubuna 22500 avroya (42572 manat) başa gəlib.
Nihat