Azərbaycan millisi bu gün Millətlər Liqasının seçmə mərhələsinin 4-cü turu çərçivəsində Slovakiya yığmasını qəbul edəcək. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi altında çıxdığı ilk üç oyunun hamısında məğlub olan təmsilçimizin yarışın əvvəlki turunda səfərdə Estoniyaya 1:3 hesabı ilə yenilməsi vəziyyətin daha acınacaqlı olduğundan xəbər verdi. Azərbaycan millisinin sabiq hücumçusu, hazırda 2-ci liqa təmsilçisi "Hypers Quba"nın baş məşqçisi olan Vüqar Nadirovla əlaqə saxlayıb mövcud durumla bağlı düşüncələrini bölüşməsini və Slovakiya ilə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəlki iki oyundakı məğlubiyyətləri bir kənara qoysaq, millinin Estoniya uduzması üzücü haldır. Bu rəqibi məğlub etmək şansımız daha çox idi. Düzdür, biz də yığmada oynadığımız dönəmdə məğlubiyyətlərimiz, istədiyimiz kimi alınmayan matçlarımız olub. Amma reallıq budur ki, hazırda milli daha yaxşı nəticələr qazana bilər. Ən azı Estoniyaya uduzmamalıyıq.
Məncə, millidəki əsas problemimiz milli ruhun arzulanan səviyyədə olmamasıdır. Yığmanı toparlayacaq, uğura inandıracaq təcrübəli liderlər yoxdur. Demirəm ki, potensialımız çox böyük nailiyyətlər qazanmağa imkan verir, amma başqalarına asan təslim olmayan kollektiv formalaşdıra bilərik. Bütün liqaları izləmək, daha yaxşı heyət formalaşdırmaq və oyunçulara düzgün motivasiya vermək lazımdır.
Slovakiya daha çətin rəqibdir. Bu komandanın Estoniyadan güclü olduğunu hamı bilir. Ancaq evdə oynayırıqsa, elə Slovakiya səviyyəli rəqiblərdən də öz meydanımızda xal almağa çalışmalıyıq. Ümid edirəm ki, bu oyunda komandamız yaxşı futbol sərgiləyəcək və məğlub olmayacağıq".
Nihat