Misli Premyer Liqasının 31-ci turunda çərçivəsində səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edən “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Kurban Berdiyev cəzalı olduğu üçün media önünə çıxan Hüseynov belə danışıb:
"Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik.
Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. “Va bank”a da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik".
O, "Jo Batişda niyə oynamadı? Zədələnib" sualını belə cavablandırıb: "Bəli. Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq".