“İki tur bundan qabaq Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətin. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, “Neftçi”nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük”.
Fanat.Az xəbər verir ki, bunu “Səbail”in məşqçisi Elvin Məmmədov deyib.
Misli Premyer Liqasının 35-ci turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra ənənəvi mətbuat konfransına qatılan mütəxəssis 1-ci Liqadakı planları ilə bağlı sualı da cavablandırıb.
"Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən “Səbail” iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik".