"Sabah"ın baş məşqçisi Vasili Berezutski "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Final oyunu maraqlı olacaq. "Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir. Söz-söhbətlər bizə təsir etmir. Hamımız kubokun finalına köklənmişik. Mətbuatı oxumuram, yazılan informasiyalar mənə təsir etmir. Final matçını gözləyək. Sonra danışa bilərik.
Futbolçu və məşqçi kimi hər zaman qələbə üçün əlimdən gələni etmişəm. Qalib gəlmək üçün mübarizə aparmalı və döyüşməliyik. "Qarabağ" bu oyuna motivasiyalı çıxacaq. Şanslar bərabərdir. Rəqib favorit sayılır. Amma güllə açılmamış yıxılmaq lazım deyil".
O, hansı futbolçulara güvənəcəyini açıqlamayıb:
"20 futbolçu ilə matça hazırlaşırıq. Zədəsini sağaldan Amin Seydiyev və Coy Lens Mikels "23-lük"də olacaq".
Baş məşqçi növbəti mövsümlə bağlı planlarının hələ bəlli olmadığını vurğulayıb:
"Oyunumuza iki gün qalıb. Bu matça köklənmişik. Gələcəkdə nələr baş verəcəyini deyə bilmərik".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.